Simpoziuma Dəvət

Qazaxıstan Respublikasının “Əbədi Ölkə” və “Gələcəyə Doğru: Mənəvi Oyanma” vizyonu, Qazaxıstanı Avrasiya coğrafiyasında Türk xalqlarının Ata Yurdu kimi tanıyır və tarixi dərinliyə çatan milli mədəniyyətin qorunması ilə müasir elmi üsulların inkişaf etdirilməsini və istifadəsini nəzərdə tutur. V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu (TÜDAS), Qazaxıstanda bu vizyona qatqı təmin edəcək bir yanaşma ilə müxtəlif elmi sahələrdə tədqiqat işi aparan alim və tədqiqatçıları bir araya gətirərək Türk xalqlarının keçmiş və müasir vəziyyətləri ilə bağlı, müxtəlif araşdırma və fikirləri önə çəkməyi planlaşdırır.

XXI əsrin başlanğıcında Avrasiya coğrafiyasının siyasi xəritəsində böyük miqyasda dəyişiklik baş vermiş və bu coğrafiyada eyni tarixi və mədəni köklərə malik yeni respublikalar müstəqilliklərini qazanmışlar. Bu siyasi dəyişiklik iqtisadi və sosial-mədəni səviyyədə yeni siyasi coğrafiyanın formalaşmasına səbəb olmuşdur. Bu yeni siyasi məkan və şərtlər ilə dünya elm aləmi üçün yeni araşdırma sahəsi ortaya çıxmışdır. Elm dünyası bu region haqqında araşdırmaların sayını artırmış və bir çox sahədə yeni tədqiqat işləri görmüşdür.

Türk Dünyası Araşdırmaları Simpoziumu (TÜDAS) dünya üzrə elm aləmində Türk Dünyası ilə bağlı araşdırma aparan bütün elm adamlarını bir yerə toplamaq, elmi fikir mübadiləsini təmin etmək, yeni elmi araşdırma və mübahisələrə zəmin yaratmaq, Türk Dünyası ilə bağlı elmi ədəbiyyatın keyfiyyətcə zənginləşməsini təmin etmək məqsədilə ilk dəfə 2014-cü ildə Niğde Universitetinin ev sahibliyi ilə həyata keçirilmişdir. II Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 2015-ci ildə Almatıda Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin, III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 2016-ci ildə Bakıda Bakı Avrasiya Universitetinin, IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu isə 2017-ci ildə Niğdedə Niğde Ömər Halisdəmir Universitetinin ev sahibliyində keçirilmişdir. V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 11-13 oktyabr 2018-ci il tarixləri arasında Almatıda Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin, Niğde Ömər Halisdəmir Universiteti (Niğde, Türkiyə), M. Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti (Ufa, Rusiya)  və Bakı Avrasiya Universitetinin (Bakı, Azərbaycan) birgə əməkdaşlığı ilə həyata keçiriləcəkdir.

Simpozium Türk Dünyasını maraqlandıran dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incəsənət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm, gender problemləri və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edilməsi, qarşılıqlı təcrübə mübadiləsi, tədqiqat üsullarının müəyyənləşdirilməsi, yeni elmi araşdırma istiqamətlərində fikir mübadiləsinin aparılması və gələcəkdə Türk Dünyasında keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif istiqamətdə işlərin aparılması məqsədini daşıyır. Türk Dünyası ilə bağlı tədqiqat işi aparan alim və tədqiqatçıların bir araya gəlməsini təmin edəcək bu simpozium türkologiya sahəsində yüksək səviyyəli akademik araşdırmaların aparılması baxımından əhəmiyyət daşıyır.

Simpozium müddətində elmi tədbirlərlə yanaşı keçiriləcək mədəni tədbirlər vasitəsi ilə bu coğrafiyada tarixi, dili və mədəniyyəti bir olan türk xalqlarının, onlarla eyni coğrafiyada yaşayan qohum və qonşu icmaların bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsi, regionda sülhə və əmin-amanlığa çalışılması nəzərdə tutulur.